Bədən kütlə indeksi (BKİ) müayinə üçün əsas göstərici hesab olunsa da, onun müəyyən məhdudiyyətləri mövcuddur. Həkimlər bu parametri istifadə edərək çəkidən asılı xəstəliklərin riskini qiymətləndirməyə çalışırlar. Lakin İngiltərədə aparılan yeni tədqiqat nəticəsində, xəstəlik riskini daha dəqiq proqnozlaşdırmaq üçün müasir alət təqdim edildi.
Yeni alət BKİ ilə yanaşı, həm də ailə tarixçəsi, qidalanma xüsusiyyətləri, cari xəstəliklər və sosial-iqtisadi amilləri nəzərə alır. Bu məlumatlar xəstəlik qeydlərindən əldə edilir. Tədqiqatın əsas məqsədi, çəkidən asılı xəstəliklərin riskini dəqiq müəyyənləşdirmək və müalicə üçün ən uyğun xəstələri seçməkdir.
Obezitet dərmanları üçün yeni model
GLP-1 qrupundan olan dərmanlar əvvəlcə tip 2 şəkər xəstəliyinin müalicəsi üçün istifadə olunurdu. Lakin sonradan bu dərmanların həm də ürək-damar xəstəlikləri, böyrək xəstəlikləri, qaraciyər xəstəlikləri, yuxu apnesi və osteoartritin müalicəsində effektiv olduğu məlum oldu. Həmçinin, bu dərmanlar çəkidə əhəmiyyətli azalma da yaradır.
Lakin bu dərmanların uzunmüddətli və bahalı müalicəsi üçün ən uyğun xəstələrin müəyyənləşdirilməsi çətinliklərlə bağlı idi. Yeni tədqiqat isə bu problemi həll etmək üçün nəzərdə tutulub.
«Biz 18 müxtəlif çəkidən asılı xəstəliklərin riskini eyni vaxtda qiymətləndirə bilən inteqrasiya olunmuş model yaratmaq istəyirdik», — İngiltərənin Queen Mary Universitetinin Precision Healthcare University Research Institute-nin direktoru və tibb üzrə professor Klodiya Lanqenberq qeyd edib.
Tədqiqatın nəticələri Nature Medicine jurnalında dərc olunub. Yeni modelin praktik tətbiqi sayəsində həkimlər xəstələrin fərdi xüsusiyyətlərinə əsaslanaraq daha dəqiq müalicə planı tərtib edə biləcəklər.