Hasbro şirkətinin tərkibində fəaliyyət göstərən Wizards of the Coast-də Magic: The Gathering Arena oyununu inkişaf etdirən developerlərin Kommunikasiya İşçiləri Assosiasiyası (CWA) ilə həmkarlar ittifaqı qurmaq niyyətində olduqları açıqlandı. CWA, şirkətdə fəaliyyət göstərən developerlərin böyük əksəriyyətinin bu qərarı dəstəklədiyini bildirdi. Həmkarlar ittifaqının rəsmi seçkilər üçün Milli Əmək Münasibətləri Şurasına (NLRB) müraciət etdiyi, lakin 1 may tarixinə qədər Hasbro tərəfindən könüllü şəkildə tanınması halında müraciətin geri çəkiləcəyi qeyd olunur.

Həmkarlar ittifaqının yeni yaradılan United Wizards of the Coast (UWOTC-CWA) adlı bölməsi, şirkətdəki layihələrə daha çox nəzarət etmək, məsuliyyətin artırılması, yaşayış minimumuna uyğun əmək haqqı və digər əsas məsələlər üzrə dəyişikliklərə nail olmaq məqsədi güdür.

UWOTC-CWA üzvü və baş developer olan Damien Wilson bildirib:

«Wizards-də biz layihələrə təsir etmək, zəncirvari məsuliyyətin artırılması, həyatımızı qurmağa imkan verən yaşayış minimumuna uyğun əmək haqqı üçün təşkilatlanırıq. Burada nə qədər böyük potensiala malik olduğumuzu anlamağa çalışırıq və bunun nə qədər vacib olduğunu da nəzərə almalıyıq.»

Developerlər tərəfindən bir sıra əsas məsələlər qeyd edilib. Bunlara layofflardan qorunma, remote iş rejiminin qorunması, süni intellektdən istifadə qaydalarının müəyyənləşdirilməsi, məcburi gərgin iş dövrələri, həmçinin iş yerində şəffaflığın və bərabərliyin artırılması daxildir. Wilson qeyd edib:

«Bu məsələ yalnız Wizards of the Coast-də deyil, əksər Amerika iş yerlərində mövcuddur. Bizim sənətimizi qorumaq üçün həmkarlar ittifaqları əsas tarazlıq rolunu oynayır.»

Həmkarlar ittifaqına qoşulmaq qərarı 2023-cü ildə Hasbro tərəfindən kütləvi layofflar həyata keçirildikdən sonra qəbul edilib. Bu prosesdə təxminən 2 min işçi işindən çıxarılıb. Developerlər həmçinin remote iş rejiminə də xüsusi diqqət yetiriblər. Onlar qeyd ediblər ki, Hasbro və Wizards of the Coast tərəfindən qəbul edilən qərarlar «işçilərin dəyərləri ilə uyğun gəlmir».

CWA son vaxtlarda videooyun sənayesində həmkarlar ittifaqlarının formalaşdırılması prosesində fəal iştirak edir. Bu prosesdə Blizzard, ID SoftwareHeart Machine daxil olmaqla bir çox şirkətlərin developerləri də iştirak edir. CWA-nın rəqəmsal işçilərin təşkilatlanması kampaniyası olan CODE çərçivəsində sənayenin müxtəlif sahələrindən 4 mindən çox işçi həmkarlar ittifaqına qoşulub. CWA-nın 7-ci bölgəsinin vitse-prezidenti Susie McAllister bildirib:

«Hər bir işçinin iş təhlükəsizliyi, ədalətli əmək haqqı və qərar qəbul proseslərində iştirak etmək hüququ var.»

Mənbə: Engadget